Kuba "müharibə iqtisadiyyatı"na keçdiyini açıqladı  

10:27 04.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kuba prezidenti Migel Diaz Kanel və administrasiyası böhranın adadakı təsirlərini azaltmaq üçün “müharibə iqtisadiyyatına” keçdiklərini açıqlayıb.

Hafta.az-ın “El País”ə istinadən yazdığına görə, Nazirlər Şurası vergidən yayınma və qiymətə nəzarətlə mübarizənin gücləndiriləcəyini açıqlayıb. Makroiqtisadiyyatda sabitliyi təmin etmək və iqtisadiyyatı canlandırmaq məqsədilə büdcədə ixtisarların və yeni tənzimləmələrin aparılacağı bildirilib.

Bu addımların nə vaxt atılacağı bildirilməsə də, iqtisadi rəqəmlər açıqlanmayıb.

Dövlət mediası Diaz Kanelin görüşdə "Hamımız İnqilabı və sosializmi qorumaq üçün buradayıq" dediyini vurğulayıb.

Nazirlər Şurasında iqtisadiyyat və planlaşdırma üzrə məsul şəxs bu tədbirlər haqqında çox düşündüklərini söyləyib. Mildrey Qranadillo de la Torre daha çox valyuta və qida istehsal etməyi hədəflədiklərinin vurğulayaraq, dövlətin nəzarətində olan iqtisadi qurumların nizama salınacağını deyib.

Kommunist Partiyasının qəzeti olan “Qranma” bəyan edib ki, “vahid, hərtərəfli, bərabər qiymət siyasəti iqtisadiyyatın bütün elementlərinə tətbiq olunacaq və həm dövləti, həm də qeyri-dövləti əhatə edəcək”.

X hesabında bu inkişafı qiymətləndirən kubalı iqtisadçı Pedro Monreal rəhbərliyin iqtisadiyyatı daha çox nəzarət altına almağı hədəflədiyini bildirib. O, "vacib olmayan investisiyaları təxirə salmaq və dayandırmaq" niyyəti bəyannaməsini belə şərh edib: "İnvestisiya olmadan artım və inkişaf yoxdur. İndiyə qədər əsas investisiyalar turizmə qoyulub. Bunu davam etdirəcəklərmi?".

Büdcə kəsiri və inflyasiyanın artması ölkəni çətin vəziyyətə salıb. İspaniyanın “El Pais” qəzeti “müharibə iqtisadiyyatı” bəyanatı ilə bağlı xəbər verən rəsmi rəqəmlərə görə, 2023-cü ildə inflyasiya səviyyəsinin 30 faiz olduğunu, ölkə iqtisadiyyatının 2 faiz kiçilməsini, Kuba pesosunun isə 50 faizdən çox dəyər itirdiyini bildirib. Ölkəni tərk edib başqa ölkələrə sığınanların sayı son iki ildə rekord qırıb.